Azərbaycanda toy yasa döndü: Başına “lapatka” çırpıb öldürdü – TƏFƏRRÜAT

 

Bir neçə ay əvvəl Ucar rayonunun Bərgüşad kəndində keçirilən sünnət toyundan sonra baş vermiş dava-dalaş ölümlə nəticələnib.

 

Oxu24.com  Publika.az-a istinadən xəbər verir ki, kənd sakini Bayram Abbasov kiçik oğlu Sadiqə sünnət toyu edib və həyətdəki məclisdən sonra dava-dalaş baş verib. Belə ki, B.Abbasovla qardaşı oğlu gecə saat 01 radələrində əlbəyaxa olub. Bu zaman 52 yaşlı kişinin digər oğlu Əhliman Abbasov sərxoş vəziyyətdə “lapatka” kimi adlandırılan bel alətini götürərək əmisi oğlunu vurmaq istəyib. Lakin zərbə yanlışlıqla onun atasının başına tuş gəlib və kişi aldığı xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi

 

üzrə cinayət işinə başlanılıb. O da məlum olub ki, bu hadisə Abbasovlar ailəsinin ilk qanundan kənar davranışı deyil. Hazırda B.Abbasovun qardaşı narkotik alverinə görə həbs cəzası çəkir. Üç il əvvəl isə Bayram Abbasovun digər oğlu həyat yoldaşını daşla vuraraq qətlə yetirib. Cinayət hadisəsi qonşu kənd olan Yuxarı Çiynidə kəndində törədilib. Eyni zamanda B.Abbasovun yaxın qohumlarından biri də dəmir barmaqlıqlar arxasındadır.

 

B.Abbasovun özünün oğlu tərəfindən yanlışlıqla öldürülməsi hadisəsinə gəlincə təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadəsində deyib:

 

“Kiçik qardaşımın sünnət edilməsi ilə əlaqədar olaraq iyul ayında evdə saat təxminən 20 radələrində qonaqlıq məclisi təşkil olunmuşdu. Sünnət qonaqlığından sonra mən evdə oturmuşdum və səs-küy eşitdiyim üçün həyətə düşdüm. Həyətə düşdükdə qohumum Ələddin Abdullayevin digər qohumum tərəfindən təhqir edildiyini gördüm. Həmin şəxslər içkili idilər. Həmin vaxt yaxınlaşıb Ələddin Abdullayevin yaşlı adam olduğunu və spirtli içki təsiri altında söyüş söydüyünü və ona fikir verilməməsini deyib məclisdən uzaqlaşdım. Qısa müddətdən sonra yenidən səs-küy eşitdiyim üçün həyətə yaxınlaşdıqda Ələddin Abdullayevin təpiklə vurularaq döyüldüyünü gördüm və mən də dava-dalaşa qoşuldum. Dava-dalaşın böyüdüyünü görən qohumlar mübahisənin böyüməməsi üçün bizi ayırdılar, məni evə salaraq qapının cəftəsini arxadan bağladılar. Məclisin gedişində artıq davamlı olaraq mübahisələrin yarandığını görən qohumlar evlərinə getməyə başlamışdı. İçəridə təminən 5 dəqiqə qaldım, Gecə saat 01 radələrində həyətdən qışqırıq səsini eşidib qapını açmaq istədim. Bir neçə dəfə cəhd edəndən sonra qapını aça bildim. Gördüm ki, həyətin sol tərəfində yerləşən çəpərin yanında əmim oğlu ilə atam tutaşıb. Həyətə düşüb yan tərəfdə olan beli götürüb mübahisə edən tərəflər istiqamətdə qaçmağa başladım və çəpərə yaxınlaşıb, iki əlimlə beli qaldırıb çəpərə söykənib dalaşan atam Bayram Abbasov və əmim oğlu istiqamətində bərk zərbə endirdim. Məqsədim əmi oğlunu qorxutmaq və onu uzaqlaşdırmaq idi. Çəpərin üstündən bel ilə vurduğum zərrbədən sonra atam çəpərlə birlikdə həyət istiqamətində yerə yıxıldı. Qanı görərək özümü itirdim. Həmin vaxt beli çəpər istiqamətində vurmaq istəyirdim, atam Bayram Abbasova vurmaq istəmirdim. Hazırda əməlimdən çox peşmanam, ehtiyatsızlıqdan atamı öldürmüşəm. İki azyaşlı övladım var, hazırda boşanmışam, uşaqlar anası ilə yaşasa da, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəyirım, uşaqlar mənim himayəmdədir. Məhkəmədən bu halların nəzərə alınmasını və mənə yüngül cəza təyin edilməsini xahiş edirəm”.

 

Hadisə vaxtı belin iti tərəfi kəllə sümüyünə tuş gələn və beyni zədələnən B.Abbasov əvvəlcə Ucarın, daha sonra isə Göyçayın Mərkəzi xəstəxanasına çatdırılıb. Lakin az sonra o vəfat edib.

 

Məhkəmə hadisəni törədən Əhliman Abbasovun əməlinin Cinayət Məcəlləsinin 126.3 deyil, 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə uyğun olmasına qərar verib və həmin maddənin sanksiyası tətbiq edilməklə ona cəza təyin edilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və onun cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib

 

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//ugroocuw.net/4/4576595