• Bz. Okt 17th, 2021

İcra Hakimiyyətindən BİYABIRÇILIQ-HEÇ BELƏ ŞEY OLAR ?!

Avq 25, 2021 ,
Spread the love

Ölkəmizin ərazilərinin erməni işğalından azad edilməsi zamanı şəhid olan Azərbaycanın sərhəd qoşunlarının baş giziri Azər Yusiflinin ismi, böyük zəfərə gedən yolda canından keçmiş digər qəhrəmanlarımızın adı kimi hər birimiz üçün əzizdir.

O, 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub və təbii olaraq heç vaxt ermənilərin işğal etdiyi torpaqları görməyib.

Ancaq Azər uşaqlıqdan bilirdi ki, onun doğma Cəbrayılı, Füzulisi, Kəlbəcəri, Laçını, Ağdamı, Zəngilanı, Qubadlısı və bütün Qarabağı düşmən işğalı altındadır.

O, öz həyatını əsl bir vətənpərvər kimi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olaraq Azərbaycan sərhədlərinin qorunması ilə bağladı.

Azər ailə qurmağa hazırlaşırdı, nişanlanmışdı. Lakin 27 sentyabr 2020-ci ildə ermənilərin növbəti təxribatı törətməsindən sonra başlayan Vətən müharibəsində Azər digər minlərlə Azərbaycan döyüşçü kimi işğalçıları məhv edərək doğma torpaqlara doğru irəliləyirdi.

O, Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, döyüşlərin birində onun doğma torpağını işğal edən 30-dan çox erməni hərbçisini məhv edib və Zəngilanda Azərbaycan bayrağını dalğalandırıb.

Təəssüf ki, oktyabrın 21-də Azər Yusifli torpaqların işğaldan azad edilməsi zamanı şəhidlik məqamına ucaldı və doğulduğu kənddə dəfn edildi…
Dövlət qəhrəmanın şücaətini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin sərəncamına əsasən Azər Yusifli ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Şəhidin yaxınları bu addımı yüksək dəyərləndirirlər. Amma onlar eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyətinin Azərin xatirəsinə münasibətindən narazıdırlar.

Bununla bağlı qəhrəmanın yaxınları adından onun dayısı Fərman Mollayev Caliber.Az -a müraciət edib. Onun sözlərinə görə, Ağstafa Rayonunun İcra Hakimiyyəti Azər Yusiflinin xatirəsinə etinasız yanaşır.
“Bu məsələ bizi çox narahat edir. Tezliklə bacım oğlunun vəfatının ildönümüdür, o Ağstafadan yeganə Vətən Müharibəsi Qəhrəmanıdır, amma doğma kəndində hələ də Azərə abidə qoyulmayıb, büstü yoxdur. Bundan əlavə, biz məktəbə onun adının verilməsini (indi heç kimin adını daşımır) və adını daşıyan küçədə Azərin bir barelyefinin qoyulmasını istəyirik. Bunu başqa cür qəbul etməyin, biz bu yolla qəhrəmanımızın şücaətini əbədiləşdirmək istəyirik ki, gələcək nəsillər onu xatırlasın…

Amma Ağstafa Rayon İcra Hakimiyyəti və şəxsən icra hakimiyyətinin başçısı Seymur Orucovdan heç bir dəstək görmürük. Azərin dəfnində Dövlət Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Elçin Quliyevin də iştirak etməsinə baxmayaraq, icra hakimiyyətinin başçısı orada olmayıb, bir dəfə də evimizə gəlməyib. Onun qəbuluna yazılmaq istədikdə isə gah yoxdur, gah məzuniyyətdədir, xəstədir və ya gedib deyərək, icra hakimiyyətində bizi yola verirlər. Vaxt isə gedir – tezliklə Azərin ölümünün ildönümü olacaq, ancaq qəhrəmanın nə barelyefi, nə də büstü yoxdur, məktəbə də onun adı verilməyib”, – deyə F. Mollayev bildirib.
F.Mollayevin sözlərinə münasibət bildirilməsi üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdik, ancaq orada bir neçə işçi ilə söhbət etdikdən sonra bizə qəhrəmanın xatirəsini əbədiləşdirilməsi ilə bağlı lazımi tədbirlərin görülüb-görülməyəcəyi barədə düzgün və ətraflı cavab verən olmadı.

Caliber.Az icra hakimiyyətindən redaksiyaya müraciət edilərsə, onlara öz fikrini bildirməyə imkan verməyə hazırdır.

Hələ ki, gördüyümüz kimi, məsələ olduğu yerdə qalıb. Və bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Azər Yusiflinin mübarək xatirəsinə münasibətdə heç də düzgün deyil…

(1)

MobTop.az